Azərbaycanda insan hüquqları sahəsində yeni Milli Fəaliyyət Proqramının hazırlanması və qəbul olunması təklif edilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu mühüm təşəbbüs İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında rəsmi müzakirəyə çıxarılıb.
İclasda qeyd edilib ki, insan hüquq və azadlıqlarının təmini sahəsində həyata keçirilmiş islahatların məntiqi davamı olaraq yeni proqramın qəbulu zəruridir. Bu addım müasir çağırışlara, yeni dövrün tələblərinə və mövcud prioritetlərə tam uyğun gəlir.
Proqramın əsas məqsədləri sırasında əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi və cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi dayanır. Eyni zamanda, normativ-hüquqi bazanın, hüquq müdafiə sisteminin və idarəetmənin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi nəzərdə tutulur.
Sənəddə həmçinin bu istiqamətdə beynəlxalq və regional əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Məruzədə yer alan digər bir təklif isə "Biznes və insan hüquqları üzrə Dövlət Proqramı"nın hazırlanması ilə bağlıdır. Bu təşəbbüs ölkədə biznes fəaliyyəti zamanı insan hüquqlarının təminini, korporativ sosial məsuliyyətin təbliği və tətbiqini hədəfləyir.
Layihə sahibkarların ölkənin sosial-iqtisadi həyatında daha fəal iştirakına şərait yaratmaq və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq məqsədi daşıyır.