Almaniyanın Leypsiq/Halle Hava Limanında partlayıcı qurğu daşıyan pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə hava limanında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.
Polisin açıqlamasına əsasən, gecə saatlarında hava limanının əməkdaşı Ukraynaya məxsus yük təyyarələrinin yaxınlığında partlayıcı qurğunu görərək aidiyyəti qurumlara məlumat verib. Bundan sonra əraziyə bomba zərərsizləşdirmə robotu göndərilib.
Eyni hava limanının yaxınlığında müəyyən edilməmiş ikinci obyekt də yük təyyarələrindən biri ilə toqquşub. Təyyarə yüngül zədə almasına baxmayaraq, təhlükəsiz şəkildə Hannover hava limanına eniş edib.
Almaniyanın daxili işlər naziri baş verən hadisələrin ölkənin üzləşdiyi təhlükələrin yeni mərhələyə keçdiyini göstərdiyini bildirib.
Son aylarda Almaniyada hərbi bazalar, hava limanları, enerji terminalları, limanlar və logistika şirkətlərinin üzərində qeyri-qanuni PUA uçuşlarının artması səbəbindən hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.
Polis Moskvanın inkar etdiyi mümkün Rusiya bağlantısı ilə bağlı xəbərdarlıqlar edib.
Polis sözçüsünün sözlərinə görə, partlayıcı qurğu park vəziyyətində olan Antonov təyyarələrinin yaxınlığında aşkarlanıb. Qurğudan əvvəlcə detonator çıxarılıb, daha sonra isə nəzarətli şəkildə zərərsizləşdirilib. Hadisədən sonra şimal uçuş-eniş zolağı yerli vaxtla saat 01:55-də yenidən istifadəyə verilib, cənub zolağı isə hələ də bağlı qalır.
Qeyd edək ki, Leypsiq/Halle Hava Limanı Almaniya ordusu və NATO müttəfiqlərinin hərbi yüklərinin daşınmasında mühüm rol oynayır. Hava limanı eyni zamanda Ukraynanın hava yük daşımalarının böyük hissəsini həyata keçirən Antonov Hava Yolları üçün baza, həmçinin DHL logistika şirkətinin əsas mərkəzlərindən biridir.