ABŞ Prezidenti Donald Tramp seçki prosesinə mümkün xarici müdaxilə ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tapşırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp Rusiya, Çin, İran və Şimali Koreyanın ABŞ-nin seçki infrastrukturuna təsir göstərmək imkanına malik olduğunu bildirib. O, mövcud məxfi məlumatların seçki təhlükəsizliyi ilə bağlı ciddi riskləri ortaya qoyduğunu iddia edib.
Tramp həmçinin Çini 220 milyon amerikalı seçicinin şəxsi məlumatlarını qanunsuz əldə etməkdə ittiham edib və Pekinin 2018-ci il aralıq seçkilərinə, eləcə də 2020-ci il prezident seçkilərinə təsir göstərməyə çalışdığını deyib.
Onun sözlərinə görə, federal seçkilərdə səsvermə üçün qeydiyyatdan keçmiş təxminən 278 min nəfərin ABŞ vətəndaşı olmadığı müəyyən edilib. Tramp bu rəqəmin daha yüksək ola biləcəyini iddia edərək, məsul şəxslərin cəzalandırılmasını tələb edib.