ABŞ-də qida mənşəli parazitar xəstəlik olan "Cyclosporiasis"lə bağlı yoluxma hallarında ciddi artım qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, ölkədə təxminən 7 min nəfərin infeksiyaya yoluxduğu ehtimal edilir. Hazırda 1 645 yoluxma faktı təsdiqlənib, 5 100-dən çox şübhəli hal isə araşdırılır.
Məlumata əsasən, xəstəlik artıq 34 ştatda yayılıb. Ən ağır vəziyyət Miçiqanda qeydə alınıb. Burada 3 300-dən çox yoluxma halı müəyyən edilib. Nyu-York, Ohayo, Şimali Karolina və İllinoys ştatlarında da çoxsaylı yoluxmalar aşkarlanıb. İndiyədək 140-dan çox xəstə xəstəxanaya yerləşdirilsə də, ölüm faktı qeydə alınmayıb.
Bildirilir ki, xəstəliyə "Cyclospora" adlı mikroskopik parazit səbəb olur. İnfeksiya əsasən çirklənmiş qida və ya su vasitəsilə yayılır. Xəstəliyin əsas əlamətləri davamlı ishal, qarın ağrısı, köp, ürəkbulanma, iştahasızlıq, halsızlıq və bədən ağrılarıdır. Simptomlar adətən yoluxmadan bir-iki həftə sonra ortaya çıxır.
Hazırda səlahiyyətli qurumlar yoluxmanın dəqiq mənbəyini müəyyənləşdirə bilməyiblər. İlkin araşdırmalarda kahı və digər yarpaqlı göyərtilərin şübhəli olduğu bildirilsə də, hələlik heç bir məhsulun geri çağırılması barədə qərar qəbul edilməyib.
Mütəxəssislər infeksiyadan qorunmaq üçün meyvə və tərəvəzlərin axar su altında yaxşı yuyulmasını, yarpaqlı tərəvəzlərin xarici qatlarının təmizlənməsini və qida təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.