ABŞ və İran arasında Pakistanın paytaxtı İslamabadda keçiriləcək danışıqların şənbə günü başlayacağı və bir neçə gün davam edəcəyi gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə TASS agentliyi məlumatlı mənbəyə istinadən bildirib.
Mənbənin sözlərinə görə, görüş qapalı formatda təşkil olunacaq. Danışıqların keçirilməsi üçün ən ehtimal olunan məkan kimi Serena Oteli göstərilir. Otel əməkdaşlarından biri daha əvvəl nümayəndə heyətlərini qəbul etməyə hazırlaşdıqlarını təsdiqləyib.
Bildirilib ki, məsləhətləşmələr başa çatdıqdan sonra mətbuat konfransının keçirilməsi planlaşdırılır. Bununla belə, ABŞ və İranın Pakistandakı səfirlikləri İslamabadda keçiriləcək görüşlə bağlı detallara dair hələlik rəsmi açıqlama verməyiblər.
Qarşıdan gələn danışıqlarla əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Rəsmi qurumların məlumatına görə, bu addımlar xarici nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Məlumata əsasən, hökumət binalarının yerləşdiyi qırmızı zona xüsusi nəqliyyat vasitələri istisna olmaqla, bütün nəqliyyat üçün tam bağlanıb.
Qeyd edək ki, görüş qapalı formatda keçiriləcək.