UEFA-nın Berlində keçirilən toplantısında qurumun 55 üzv milli assosiasiyasından 54-ü FIFA-da rəhbərliyin dəyişdirilməsini dəstəkləyib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bu mövqeyə qoşulmayıb.
UEFA-nın rəsmi saytında yayımlanan bəyanatda bildirilib ki, milli assosiasiyalar FIFA-nın hazırkı rəhbərliyinə etimadlarını itiriblər. Onların fikrincə, qurumda yalnız institusional islahatların aparılması kifayət deyil, yeni rəhbər də seçilməlidir.
Bəyanatda FIFA-ya futbolla sıx bağlı, nüfuzlu və birləşdirici, idarəçilik təcrübəsi olan, bütün regionların etimadını qazana biləcək rəhbərin lazım olduğu vurğulanıb. Həmin şəxsin inkişaf, islahatlar, dürüstlük və müstəqillik prinsiplərinə sadiq olmalı olduğu qeyd edilib.
Toplantıda UEFA prezidenti Aleksandr Çeferinin gələcəyi də müzakirə olunub. Bütün 55 milli assosiasiya ondan yenidən namizədliyini irəli sürməsini istəyib. Çeferin təklifi qəbul edərək 2027-ci il aprelin 22-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək UEFA-nın 51-ci Konqresində sonuncu müddət üçün namizəd olacağını açıqlayıb.
FIFA-nın islahatları və gələcək rəhbərliyi ilə bağlı müzakirələrin UEFA üzvləri və dünya futbolunun digər nümayəndələri arasında davam etdiriləcəyi bildirilib. UEFA üzvlərinin növbəti görüşü noyabrın 17-dək keçiriləcək. FIFA-nın hazırkı prezidenti Canni İnfantinodur.