26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.
Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
Bu görüş ümumiyyətlə iki ölkənun münasibətləri üçün nə vəd verir? Həqiqətən Ermənistan müqavilənin imzalanmasına razızıdırmı? Bizi qarşıda gözləyən əsas məsələlər nələrdir?
Mövzu ilə "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən siyasi ekspert Elşad Mirbəşiroğlunun sözlərinə görə, görüşün keçiriləcəyi gözlənilən idi.

"Görüşün keçiriləcəyi dövrə qədərki mövcud vəziyyət ondan ibarət idi ki, razılaşdırılmış məqamlar üzərindən Ermənistan tərəfi sülh sazişinin bağlanmasının mümkünlüyündən danışırdı. Paşinyan da bununla bağlı vurğulamışdı ki, razılaşdırılmış maddələr üzrə Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalana bilər. Nəzərə almaq lazımdır ki, bizim irəli sürdüyümüz şərtlər var və bu şərtlərin təmin olunmasının mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh olsun. Bu həm də regionun gələcəyi üçün çox vacibdir. Amma Ermənistan tərəfi növbəti mərhələdə razılaşdırılmamış məsələlərin müzakirəsinin tərəfdarı olduğunu hər zaman nümayiş etdirir. Tez bir zamanda sülh sazişinin imzalanmasında ABŞ də maraqlı olduğunu göstərir. Bu baxımdan Blinkenin vasitəçiliyi ilə Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşün keçirilməsi, dövlətlərarası münasibətlərin yaradılması haqqında razılaşmanın başa çatdırılması ilə bağlı işlərin görülməsi özü-özlüyündə müsbət haldır. Amma sözsüz ki, burada həssas yanaşmanın tələb olunduğu məqamlar var".
Ekspert deyir ki, məqam ondan ibarətdir ki, bizim üçün prinsipial maddələrin təmin olunmadığı şəraitdə razılaşmanın imzalanması ABŞ-nin Cənubi Qafqazla bağlı geosiyasi maraqlarına cavab verir. Keçmiş təcrübəmizdən də xatırlayırıq ki, Ermənistan bu və ya digər məsələlərin üzərindən uzun müddətli manipulyasiyalar edə bilər. 30 il müddətində, keçmiş münaqişə vəziyyətində danışıqlarda necə manipulyasiya edirdisə, razılaşdırlmamış digər məsələlər üzərindən yenə manipulasiyalar edə bilər. Bu gün biz bir suala cavab axtarmalıyıq, görəsən Azərbaycan üçün məsələrin həll olunmasına maneə törədən nədir? Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarını çıxarmalıdır. Ermənistan bu məsələyə hər hansı bir formada bəraət qazandıra bilməz. Deməli, Ermənistan Azərbyacanla sülh istəmir və ərazi iddilarından əl şəkmək istəmir.
"Digər məsələ isə ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciətin edilməsinə mane olan hansı amildir? Burada heç bir amil yoxdur, müharibə də yoxdur. ATƏT-in bundan sonrakı fəaliyətinə ehtiyac yoxdur. Ermənistan ATƏT-in fəaliyyətinin davam etdirilməsinin mümkünlüyündən danışır. Deməli, Ermənistan keçmiş münaqişə zəmninin hələdə qaldığı fikrini formalaşdırmaq istəyir. ATƏT fəaliyyətini davam etdirirsə, deməli Ermənistanın fikrincə onun tənzimlədiyi məsələ hələ də qalmaqdadır. Bunun özü də mahiyyət etibarı ilə həm Qərbin, həm də Ermənistanın maraqlarına cavab verir. Qərb istəyir ki, bu amildən istifadə edərək regiona müdaxilə etsin. Ermənistanın maraqlarına da ona görə cavab verir ki, Ermənistan indiki şərtlər daxilində anlaşma imzalayıb, sonra revanş imkanlarını saxlamaq istəyir. Bununla da Pşainyan göstərmək istəyir ki, mən gələcək revanş imkanlarını saxlamışam. Bununla da öz hakimiyyətini qorumağa çalışır.

Bizim üçün vacib olan digər məsələ isə sərhədlərin delimitasiya və demarkasiyasının hansı xəritələrə istinad edərək həyata keçirilməsidir. Ümumiyyətlə, təmasların baş tutması və müzakirələrin aparılması çox müsbət haldır. Azərbaycan səmimiyyətlə sülh gündəliyini irəli aparır. Azərbaycanın addımları təkcə bizim özümüz üçün yox, bütün region üçün təhlükəsiz sülh şəraitində yaşamağa xidmət edir", - deyə, E.Mirbəşiroğlu sonda bildirdi.
Digər müsahibimiz Politoloq Əziz Əlibəyli deyir ki, ABŞ tərəfləri görüşdürməyə və Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsinə nail oldu. Burada əsas məqsəd sülh prosesinə dair mexanizmə nəzarəti ABŞ-nin əlində saxlamaq idi. İkinci bir məsələ isə görüşdən sonra Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bəyan etdi ki, Ermənistan Azərbaycanla sülhə nail olmaq üçün konstitusiyada dəyişikliklərə hazırdır. Amma delimitasiya sənədi ilə bağlı Azərbaycan yekun sənədi təqdim etməyib. Nikol Paşinyan prosesləri Azərbaycan əleyhinə çevirməyə cəhd göstərdi. Üçtərəfli görüşdə özlərini təşəbbüskar tərəf kimi göstərirlər, Paşinyan isə digər tərəfdən Azərbaycanı günahlandırır. Bu da onların riyakar siyasətini göstərir.
Mədinə
