Xəbər verdiyimiz kimi "Qarabağ" UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubuna məğlub oldu. Meydan sahibləri 3:0 hesablı qələbə qazandılar.
Rəqib 80 dəqiqədən çox bir müddəti 10 nəfər ilə oynadı. 7-ci dəqiqədə qırmızı vərəqə alan London klubu cəmi 5 dəqiqə sonra Romaonun kobud səhvində ilk qolu qapımızdan keçirdi. 53-cü və 69-cü dəqiqələrdə rəqib hesabı artıraraq yekun nəticəni müəyyənləşdirdi.
58-ci dəqiqədə isə “köhlən atlar”dan Toral Bayramov penalti zərbəsindən yararlana bilmədi. 10 nəfər ilə London klubuna məğlub olan “Qarabağ” və Qurban Qurbanov tənqid atəəşinə tutuldu.
Bəs azlıqda oynayan rəqibə qarşı bir qol belə vura bilməyən Qurban Qurbanovun yetirmələri nəyi səhv etdilər? Məğlubiyyətin əsas səbəbkarı və ya səbəbkarları kimdir?
Matçla bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən idman eksperti Kənan Məstəliyevin sözlərinə görə, bu matçda baş verənlərin topla əlaqəsi yoxdu. Komanda baş olaraq meydanda deyil və bu artıq birinci dəfə də deyil.
“Zaqreblilərlə qarşılaşmalarda da buna şahidlik etmişdik. Meydanda nə etmək istədiyi anlaşılmayan, psixoloji cəhətdən tamamilə hazırlıqsız bir "Qarabağ" vardı. Öyrəşmədiyimiz bir durumdu. Ciddi silkələnməyə, ya da yaxşı bir istirahətə ehtiyacı var ağdamlıların. İstirahət deyəndə işin fiziki tərəfini nəzərdə tutmuram. Məsuliyyət istirahəti deyək buna. "Vatan, millet, Sakarya", "Ya Qarabağ", ya ölüm" şüarlarını arxa plana keçirmək lazımdı artıq. Müharibəni də udmuşuq, hər şeyi də sübut etmişik”.
İşin fiziki tərəfinə toxunan ekspert deyir ki, yayda toplanış zamanı yüklənmələr fərqli edilib.

“Çox, ya az edilib, bunu tam müəyyənləşdirmək hazırda çətindir, ancaq dəqiqdir ki, nəsə yanlışlıq var. Ya da biz bunu səhv kimi qəbul edirik, bəlkə də plan məhz budur. Bu mövsümə "Qarabağ" ikinci təsnifatdan başladı və daha çox dincəlmək, daha rahat hazırlaşmaq imkanı əldə etdi. Nə olubsa, həmin məqamda olub. Hoca bu barədə suala "bizim hələ daha çox hazırlaşmağa ehtiyacımız var" cavabını vermişdi və bu cümləni qulaqardına vurmaq olmaz. Optimist düşüncə ilə yanaşsaq, bunu əvvəlkindən daha uzun çəkəcək əsas mərhələnin ortasından sonra tam formaya düşmək istəyi ilə izah etmək olar. Yəni, bu bir strategiyadı və "Qarabağ" hələ bundan sonra "xoda düşəcək". Fikirdi, biz belə olduğunu düşünür, belə olmasını istəyirik, özümüzü inandırırıq, bəlkə də aldadırıq. Gedişatda görəcəyik.
Amma fakt odu ki, bu gün komandanın ayağı top tutmur. Bu qədər epizodun qaçırılmasına, Toralın penalti nöqtəsində heç qapıya düşməməsinə başqa izah görmürəm. Həm beyin, həm də bədən olaraq yorulub "köhlən atlar". Plan var, iş son nöqtəyə qədər gətirilir, amma məhz o nöqtədə sonluğu gətirməyə güc çatmır. Daha dəqiq desək, konsentrasiya. Bu da yorğun olanda olur. Juninyo qaçırır, Toral qaçırır, Zubir qaçırır, Benziya qaçırır... Biri olsaydı, təsadüf sayardıq. Hamısı belədisə, nəsə kollektiv yanlışlıq var. Suallar Qurban Qurbanovadır. Baş məşqçi çıxış yolu tapmalı, komandanı enişdən çıxartmalıdır” – deyə o sonlandırıb.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda, oktyabrın 3-də İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mehman Mirzəzadə