Türkiyənin Milli Təhsil Nazirliyinin Ölçmə, Qiymətləndirmə və İmtahan Xidmətləri Baş İdarəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqladığı PISA 2025 nəticələri ilə bağlı hesabat yayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hesabatda Türkiyədə dövlət və özəl məktəblərin əsas istiqamətlər üzrə göstəriciləri də təqdim olunub.
Məlumata görə, PISA 2022 və PISA 2025 qiymətləndirmələrində dövlət məktəbləri təbiət elmləri üzrə orta nəticəyə görə özəl məktəbləri qabaqlayıb.
PISA 2025-də təbiət elmləri üzrə dövlət məktəblərinin orta balı 497, özəl məktəblərin göstəricisi isə 475 olub.
Dövlət məktəbləri 482 ballıq OECD orta göstəricisini 15 bal üstələyib, özəl məktəblər isə bu göstəricidən 7 bal aşağı nəticə göstərib.
PISA 2022-də təbiət elmləri üzrə dövlət məktəblərinin orta balı 479, özəl məktəblərin orta balı isə 465 olub.
Oxu bacarıqları üzrə də dövlət məktəbləri son iki PISA dövründə özəl məktəbləri geridə qoyub. PISA 2025-də dövlət məktəblərinin orta göstəricisi 475, özəl məktəblərin göstəricisi isə 449 bal təşkil edib.
Dövlət məktəblərinin nəticəsi 461 ballıq OECD ortalamasından 14 bal yüksək olub.
PISA 2022-də oxu bacarıqları üzrə dövlət məktəbləri 458, özəl məktəblər isə 448 bal toplayıb.
Riyaziyyat üzrə PISA 2022 və PISA 2025 qiymətləndirmələrində də dövlət məktəbləri daha yüksək nəticə göstərib.
PISA 2025-də dövlət məktəblərinin orta riyaziyyat balı 464, özəl məktəblərin göstəricisi isə 444 olub.
Dövlət məktəblərinin nəticəsi 463 ballıq OECD ortalamasından 1 bal yüksək, özəl məktəblərin göstəricisi isə dövlət məktəblərindən 20 bal aşağı olub.
PISA 2022-də bu göstəricilər müvafiq olaraq 455 və 447 bal təşkil edib.
Hesabatda həmçinin qeyd olunub ki, PISA 2025-in hesablama xarakterli problem həlli komponentində dövlət məktəblərinin orta balı özəl məktəblərdən 22 bal yüksək olub.