ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra təyyarə yanacağının qiymətlərinin kəskin artması qlobal aviasiya sektoruna ciddi təsir göstərib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, "Əl-Cəzirə" telekanalının məlumatına görə, aviaşirkətlər yay mövsümü ərəfəsində bilet qiymətlərini artırmağa və uçuş sayını azaltmağa məcbur qalır.
Kanalın istinad etdiyi "Cirium" analitik şirkətinin məlumatına əsasən, 1 iyun – 30 sentyabr tarixləri arasında aviaşirkətlər cədvəllərindən ümumilikdə 9,3 milyon yer çıxarıb. Bu azalmalar ABŞ, Çin, Yaponiya, Avstraliya və Avropa bazarlarını əhatə edir.
Böhran xüsusilə Yaxın Şərqdə daha kəskin hiss olunur. "Qatar Airways" iyun–oktyabr aylarında 2 milyon yer, "Emirates" 700 min, "Etihad Airways" isə 450 min yer ixtisar edib. ABŞ-nin aşağıbüdcəli aviadaşıyıcısı "Spirit Airlines" isə artan yanacaq xərcləri səbəbindən fəaliyyətini dayandırdığını açıqlayıb.
Məlumata görə, fevralın sonundan bəri reaktiv yanacaq qiymətləri 80%-dən çox artıb. Bu vəziyyət Hörmüz boğazının bağlanması ilə daha da ağırlaşıb və təxminən 10 həftə davam edən böhran qlobal təchizat zəncirinə ciddi təsir göstərib.
Kayak platformasının statistikasına görə, ABŞ-dən beynəlxalq uçuşların qiyməti illik müqayisədə 16%, daxili uçuşlar isə 24% bahalaşıb. Norveçin “Winair AS” şirkətinin rəhbəri Hans Jorgen Elnes bildirib ki, bəzi Avropa–Asiya marşrutlarında qiymətlər hətta beş dəfə artıb.
Buna baxmayaraq, qlobal miqyasda uçuşlara tələbat yüksək olaraq qalır. Sərnişinlər qiymətlərin daha da artacağından ehtiyat edərək biletləri əvvəlcədən alır və daha etibarlı, lakin bahalı aviaşirkətlərə üstünlük verirlər.