Amerika Birləşmiş Ştatları prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasında ilk televiziya debatı 10 sentyabrda olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, rəqiblər "ABC News" telekanalında ölkə və xarici gündəmdə olan məsələlərlə bağlı siyasi görüşlərini bildirəcəklər.
Tramp Harrislə bir deyil, bir neçə dəfə üzləşməyə hazır olduğunu bildirib.
O, daha əvvəl hazırkı prezident Co Baydeni debatda üstələyib.
10 sentyabrda keçiriləcək növbəti debat, əslində, Co Bayen üçün revanş olmalı idi. Lakin Ağ Ev lideri prezidentlik uğrunda mübarizədən geri çəkildiyi üçün onu Harris əvəz edəcək.
Tramp ötən gün uzun müddət sonra ilk dəfə mətbuat konfransında sualları cavablandırıb. O bildirib ki, prezident seçiləcəyi təqdirdə prioritet olaraq inflyasiyanı və cinayət halları azaldacaq, hərbi qüvvələri gücləndirəcək.
Kamala Harris isə Miçiqanda Ford Zavodunun təmsilçiləri ilə görüşüb. O, Amerikada ədalət, bərabərlik, azadlıq üçün mübarizə apardığını bildirib.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri 5 noyabrda keçiriləcək.