ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun Rusiya və Ukraynanın da dəvət olunacağı növbədənkənar "Böyük Yeddilik" (G7) sammitində iştirak etməyəcəyini bildirib. Bu barədə CNN telekanalı Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Ağ Evin rəsmi nümayəndəsi qeyd edib ki, hazırda prezidentin Parisə səfəri planlaşdırılmır. Qeyd edək ki, daha əvvəl Donald Tramp Makronla olan yazışmalarını ictimaiyyətə təqdim etmişdi. Həmin yazışmalarda Fransa prezidenti Parisdə G7 ölkələrinin xüsusi görüşünü təşkil etməyi və bura aşağıdakı tərəfləri dəvət etməyi təklif edib:
- Rusiya;
- Ukrayna;
- Suriya;
- Danimarka.
Məsələ ilə bağlı Rusiya tərəfi də münasibət bildirib. Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva hələlik belə bir sammit üçün rəsmi dəvət almayıb.