Hindistanın Uttarakhand ştatının Çamoli bölgəsində yerləşən hidroelektrik stansiyasının tunel tikintisi zamanı ciddi qəza baş verib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ötən axşam saatlarında tunelə qəfil su və uçqun kütləsinin dolması nəticəsində 20-dən çox işçi içəridə köməksiz vəziyyətdə qalıb.
Bölgədəki tibb xidmətinin nümayəndəsi, həkim Ayuşun verdiyi məlumata görə, səhər saatlarında aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 7 nəfərin cəsədi aşkarlanıb.
Hadisə zamanı xəsarət alan 10 nəfər isə xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilib.
Uttarakhand ştatının Baş naziri Puşkar Sinqx Dhami “X” sosial şəbəkəsindəki rəsmi hesabında hadisə ilə bağlı paylaşım edib.
O bildirib ki, tuneldə qalan digər işçilərin sağ-salamat xilas edilməsi üçün müvafiq qurumların əməkdaşları ərazidə fasiləsiz fəaliyyət göstərir.
Hazırda hadisə yerində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir.