Livan rəsmiləri və yerli medianın məlumatına görə, İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində bir jurnalist həlak olub, digəri isə yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Al-Akhbar" nəşrinin 43 yaşlı müxbiri Amal Xəlil çərşənbə günü əl-Tayri qəsəbəsi yaxınlığında baş verən hadisələri işıqlandırarkən həyatını itirib.
Onunla birlikdə olan sərbəst fotoqraf Zeynəb Fərəc isə başından xəsarət alıb.
Livan Səhiyyə Nazirliyi və yüksək rütbəli hərbi rəsmilərin sözlərinə görə, jurnalistlərin qarşısındakı avtomobilə zərbə endirildikdən sonra onlar yaxınlıqdakı evə sığınıblar. Lakin daha sonra həmin ev də hədəfə alınıb.
Xilasedicilər Fərəci xilas edə bilsələr də, səs qumbarasının atılması səbəbindən Xəlilə çatmaq cəhdləri ləngiyib.
Livanın Baş naziri Nəvaf Salam jurnalistlərin hədəfə alınmasını və xilasetmə işlərinə maneə törədilməsini hərbi cinayət adlandırıb.
O, "X" sosial şəbəkəsindəki paylaşımında bu cür halların beynəlxalq qanunlara zidd olduğunu vurğulayıb.
İsrail ordusu isə xilasetmə qruplarına mane olduqlarını təkzib edib. Hərbçilərin açıqlamasında bildirilir ki, "Hizbullah" ilə əlaqəli olduğu iddia edilən binadan çıxan iki avtomobil təhlükə yaratdığı üçün vurulub. Qeyd edək ki, bu hadisə aprelin 16-da başlayan atəşkəsdən bəri ən qanlı gün kimi qeydə alınıb.