Tailand onilliklər ərzində ən iddialı infrastruktur layihələrindən biri hesab olunan və dəyəri 30 milyard dollar qiymətləndirilən “Quru körpüsü” (Land Bridge) layihəsini yenidən işə salmağa hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu nəhəng layihə Tailand körfəzi ilə Andaman dənizini birləşdirərək, dünyanın ən sıx ticarət marşrutlarından biri olan Malakka boğazına alternativ yaratmağı hədəfləyir.
Aprel ayında vəzifəyə gələn Baş nazir Anutin Çarnvirakulun təşəbbüsü ilə yenidən gündəmə gələn layihə, Tailandın cənubunda dəmir yolları və avtomobil magistralları ilə birləşdiriləcək iki dərin dəniz limanının tikintisini nəzərdə tutur.
Hökumət rəsmiləri hesab edirlər ki, bu dəhliz tədarük zəncirinin dayanıqlılığını artıracaq, yükdaşıma müddətlərini qısaldacaq və Tailandı Cənub-Şərqi Asiyanın əsas logistika mərkəzinə çevirəcək.
“Reuters” agentliyinin əldə etdiyi hökumət sənədlərinə görə, layihə çərçivəsində limanları birləşdirən ikiqat dəmir yolu şəbəkəsi və müvafiq nəqliyyat infrastrukturu qurulacaq.
Tam istifadəyə verildikdə, bu kompleksin illik 20 milyon TEU (iyirmi futluq konteyner) yük dövriyyəsinə çatacağı proqnozlaşdırılır.
Layihənin tərəfdarları bunun cənub bölgəsinə böyük iqtisadi töhfələr verəcəyini, yeni iş yerləri yaradacağını və logistika, turizm, xidmət sektorlarını stimullaşdıracağını vurğulayırlar.
Ranong əyalətinin iş adamları bu dəhlizin bölgəni əsas ticarət qapısına çevirəcəyinə inanırlar.
Bununla belə, təşəbbüs yerli sakinlər, ekoloji qruplar və tədqiqatçılar arasında ciddi narahatlıq doğurur.
Planlaşdırılan marşrut boyu yaşayan icmalar layihənin balıqçılıq, kənd təsərrüfatı və turizm kimi ənənəvi dolanışıq mənbələrinə təhlükə yarada biləcəyindən ehtiyat edirlər. Ekoloji fəallar isə ictimai müzakirələrin qeyri-kafi olduğunu və layihənin iqtisadi səmərəliliyinin şübhə doğurduğunu bildirirlər.
Analitiklər layihənin qlobal tranzit marşrutu kimi “Malakka boğazı” ilə birbaşa rəqabət apara biləcəyinə dair ehtiyatlı yanaşsalar da, bəzi ekspertlər bunun Tailandın daxili nəqliyyat şəbəkəsini gücləndirmək və enerji təhlükəsizliyini artırmaq üçün strateji əhəmiyyət daşıya biləcəyini qeyd edirlər.