Tayvanda manqrov xərçəngləri üçün yaradılan xüsusi miqrasiya yolları bu canlıların populyasiyasının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tayvanın "Taijiang" Milli Parkının rəhbərliyi məlumat yayıb.
Məlumata görə, hər il iyul-sentyabr ayları arasında dişi manqrov xərçəngləri yumurtalarını suya buraxmaq üçün dənizə doğru hərəkət edir. Lakin onların təbii miqrasiya yolu avtomobil yolları ilə kəsişdiyi üçün əvvəllər minlərlə xərçəng nəqliyyat vasitələrinin altında qalaraq tələf olurdu.
Problemin qarşısını almaq üçün Tainan şəhərində yerləşən "Taijiang" Milli Parkında xüsusi tədbirlər həyata keçirilib. Çoxalma dövründə bəzi yolların müvəqqəti bağlanması və bambukdan hazırlanmış keçidlərin quraşdırılması xərçənglərin təhlükəsiz şəkildə dənizə çatmasına imkan yaradıb.
Nəticədə, tədbirlərdən əvvəl 5 mindən bir qədər çox olan xərçəng populyasiyası ötən il 10 mini keçib.
Milli parkın direktoru Çen Jun-şan bildirib ki, həyata keçirilən layihə xərçənglərin məhv olmasının qarşısını almaqla yanaşı, sahil ekosisteminin bərpasına da kömək edib. Onun sözlərinə görə, manqrov xərçəngləri qida maddələrini torpağa qaytararaq sahil meşələrinin məhsuldarlığını artırır.
Ekspertlər qeyd edirlər ki, bu cür qoruma tədbirləri yalnız bir növün deyil, bütövlükdə ekosistemin mühafizəsinə xidmət edir.
Qeyd edək ki, Tayvanda son illərdə təbiətin qorunması və ekoloji bərpa dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. "Taijiang" Milli Parkı həm manqrov xərçənglərinin, həm də Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) "Həssas" kateqoriyasına daxil etdiyi qaraüzlü qaşqaldaqların mühüm yaşayış məkanlarından biridir.