Suriya ilə İsrail arasında münasibətlərin normallaşdırılması və təhlükəsizlik sazişi üzrə aparılan danışıqların hələlik dalana dirənmədiyi, lakin ciddi çətinliklərlə üzləşdiyi bildirilir.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Suriya Prezidenti Əhməd əl-Şaraa Türkiyədə keçirilən 5-ci Antalya Diplomatik Forumunda çıxışı zamanı bildirib ki, Dəməşq regional sabitliyi təmin edəcək təhlükəsizlik razılaşmasına nail olmağa sadiqdir.
O qeyd edib ki, danışıqlar tamamilə iflasa uğramayıb, lakin İsrailin Suriya ərazisində mövcudluğunu davam etdirmək istəyi prosesi çətinləşdirir.
Əl-Şaraa İsrailin Suriyaya qarşı sərt mövqe sərgilədiyini iddia edib, lakin Suriya tərəfinin güc tətbiq etmək niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, Dəməşq ikitərəfli münasibətlərin diplomatik normallaşdırılması istiqamətində səyləri davam etdirəcək.
O, eyni zamanda Ukrayna ilə bağlı mövzuya toxunaraq Kiyev və Dəməşq arasında Suriya limanları vasitəsilə ərzaq və zəruri malların ixracı üçün platforma yaradılması təşəbbüsünün müzakirə olunduğunu bildirib.
Bundan başqa, İdlibdə sənaye əməkdaşlığını gücləndirmək məqsədilə Suriya ilə Türkiyə arasında azad ticarət zonasının yaradılması istiqamətində iş aparıldığı qeyd olunub.
Əl-Şaraa Türkiyənin regional rolunu yüksək qiymətləndirərək, ölkənin diplomatik təşəbbüslər vasitəsilə həm regional, həm də qlobal sabitliyə töhfə verdiyini bildirib. O, həmçinin türk şirkətlərinin Suriya infrastrukturunun bərpasında iştirak etdiyini vurğulayıb.
Müsahibədə o, Yaxın Şərq ölkələrini ticarət yollarının bərpası və ABŞ–İran gərginliyinin təsirlərinin azaldılması üçün Suriyanın logistika imkanlarından istifadə etməyə çağırıb.