ABŞ-nin Nyu-Meksiko ştatında yerləşən "Holloman" Hərbi Hava Qüvvələri bazasında silahlı hücum qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 17:30 radələrində, ərazidə silahlı şəxsin olması barədə daxil olan anonim məlumatdan sonra baş verib.
Rəsmi mənbələrin verdiyi məlumata görə, insident nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, xəsarət alan digər bir nəfər isə təcili tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
Hadisə ilə əlaqədar baza bir müddət giriş-çıxışa bağlanaraq ciddi mühafizə altına alınıb.
Səlahiyyətli şəxslər hazırda hərbi obyektin tam təhlükəsiz olduğunu bəyan ediblər.
Atışmada zərərçəkənlərin kimliyi və hadisənin başvermə səbəbləri barədə hələlik əlavə təfərrüatlar açıqlanmır. Faktla bağlı araşdırma davam edir.