ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabında yaydığı məlumatda İranın Hürmüz boğazından keçən ticarət gəmilərini hədəf almaq üçün çox sayda biristiqamətli hücum PUA-sı buraxdığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ qüvvələri son saatlar ərzində bu pilotsuz uçuş aparatlarının hamısını zərərsizləşdirib.
Hadisə nəticəsində boğazdakı gəmi hərəkəti hər hansı maneə ilə qarşılaşmayıb. CENTCOM-un bəyanatında beynəlxalq ticarət dəhlizinin keçid üçün açıq qalmağa davam etdiyi qeyd olunub.
Bölgədə hərbi gərginlik davam etsə də, Vaşinqton və Tehran arasında diplomatik təmaslar da diqqət mərkəzindədir.
ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl İranla razılaşmanın tamamlanmaq üzrə olduğunu və yekun mətn üzərində işlərin davam etdiyini bildirmişdi.
Pakistanın Baş naziri Şahbaz Şərif də tərəflər arasındakı danışıqları şərh edərkən, sülhün heç vaxt bu qədər yaxın olmadığını qeyd etmişdi. Lakin diplomatik səylərə baxmayaraq, regionda hərbi vəziyyət hələ də gərgin olaraq qalır.