ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində həyata keçirilən hava əməliyyatları ilə bağlı açıqlama yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, CENTCOM-un məlumatına görə, iyulun 8-də keçirilən əməliyyatlar zamanı İranın təxminən 90 hərbi hədəfi məhv edilib.
Məlumata əsasən, zərbələr nəticəsində hava hücumundan müdafiə sistemləri, sahil müşahidə məntəqələri, raket və pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı anbarlar, eləcə də dəniz qüvvələrinə aid infrastruktur və logistika mərkəzləri sıradan çıxarılıb.
Bildirilib ki, bu əməliyyatlar iyulun 7-də başlayan zərbələrin davamı olub. İlk mərhələdə İranın 80-ə yaxın hərbi hədəfinin, o cümlədən "İran İslam İnqilabı Keşikçiləri Korpusu"na (SEPAH) məxsus 60-dan çox sürətli qayığın vurulduğu qeyd edilib.
Qeyd olunub ki, Vaşinqton əməliyyatların İranın atəşkəs rejimini pozaraq Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücum etməsinə cavab olduğunu bildirib. ABŞ tərəfi Tehrana qarşı hərbi təzyiqləri davam etdirmək niyyətində olduğunu açıqlayıb.
CENTCOM rəsmiləri isə bölgədəki ABŞ qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğunu və Prezidentin göstərişlərinə uyğun olaraq yeni əməliyyatlara hazır olduqlarını vurğulayıblar.