İspaniya hökuməti Qəzza zolağındakı vəziyyətin tənzimlənməsi məqsədilə yaradılan "Sülh Şurası"nda təmsil olunmayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə krallığın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Baş nazir Pedro Sançes qeyd edib ki, rəsmi Madridin bu mövqeyi ölkənin çoxtərəfli nizama, beynəlxalq hüquq normalarına və BMT sisteminə olan sadiqliyini əks etdirir.
Sançesin sözlərinə görə, Fələstinin gələcəyini fələstinlilər özləri müəyyən etməlidir:
"İsrail və Fələstinin dinc yanaşı yaşaması dialoq çərçivəsində həll olunmalıdır. Münaqişənin həlli üçün "iki dövlət" prinsipi tətbiq edilməlidir. Gələcək qərarlar ilk növbədə tərəflərin özləri tərəfindən qəbul edilməlidir".
Xatırladaq ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndəsi "Sülh Şurası"nın nizamnaməsini imzalayıb. Qurumun əsas məqsədi Qəzza zolağının idarə edilməsi və gələcəkdə digər regionlardakı münaqişələrin qarşısının alınmasıdır.