Cənubi Koreyanın Ali Məhkəməsi keçmiş prezident Yoon Suk Yeol barəsində çıxarılan 7 illik həbs cəzasını qüvvədə saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qərar 2024-cü ildə ölkədə qısa müddətli hərbi vəziyyət elan etmək cəhdi ilə bağlı açılan cinayət işi üzrə verilib.
Məlumata görə, Ali Məhkəmə aşağı instansiya məhkəməsinin qərarında qanunun yanlış tətbiq edilmədiyini bildirib.
Bildirilib ki, Seul Ali Məhkəməsi bu ilin aprel ayında Yoon Suk Yeolun həbs cəzasını 5 ildən 7 ilə qaldırmışdı. Məhkəmə keçmiş prezidenti sənədləri saxtalaşdırmaqda, hərbi vəziyyət elan edilməsi üçün tələb olunan hüquqi prosedurlara, o cümlədən Nazirlər Kabinetinin rəsmi iclasının keçirilməsi tələbinə əməl etməməkdə, həmçinin xarici media orqanlarına yalan məlumat yaymaqda təqsirli bilib.
Qeyd olunub ki, Yoon Suk Yeolun vəkilləri qərardan sonra Konstitusiya Məhkəməsinə müraciət edərək konstitusiya şikayəti verəcəklərini açıqlayıblar.
Məlumata əsasən, prokurorluq keçmiş prezident üçün 10 il həbs cəzası tələb etmiş, onu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və ictimaiyyətə zərər vurmaqda ittiham etmişdi.
Qeyd edək ki, 65 yaşlı Yoon Suk Yeol fevral ayında hərbi vəziyyət elan etməklə bağlı qiyam təşkil etməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına da məhkum edilib. O, 2025-ci ilin iyul ayından həbsdə saxlanılır və hazırda daha yeddi müxtəlif məhkəmə prosesi ilə üz-üzədir.