Sosial şəbəkələrin sürətli inkişafı hər bir fərdə informasiya yaymaq imkanı versə də, bu proses özü ilə yanaşı peşəkar jurnalistika ilə sosial media fəallığı arasında sərhədlərin bulanıqlaşması, təhqir, böhtan və dezinformasiyaların artması kimi problemləri gətirib. İfadərə azadlığı pərdəsi altında şəxsi həyata müdaxilə və məsuliyyətsiz yanaşmalar rəqəmsal məkanda tənzimləmə mexanizmlərinin vacibliyini gündəmə gətirir.
Bəs peşəkar jurnalistlə sosial media fəalının əsas fərqi nədir və rəqəmsal mühitdə hüquqi çərçivələrlə ifadə azadlığı arasında balansı necə qorumaq olar?
Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-in suallarını Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli cavablandırıb:
- Müşfiq müəllim, bu gün sosial şəbəkə istifadəçilərinin böyük bir qismi özünü xəbər mənbəyi və ya jurnalist kimi təqdim edir. Peşəkar jurnalist məsuliyyəti ilə sosial media fəalının əsas fərqi harada başlayır və harada bitir?
- Sosial şəbəkə istifadəçiləri ilə peşəkar media təmsilçilərinin fəaliyyətləri arasında həm oxşar, həm də fərqli cəhətlər var. Şəbəkə platformaları hər kəsə informasiya yaymaq, ictimai müzakirələrə qoşulmaq imkanı verir ki, bu da alternativ mənbələrin çoxalması baxımından müsbətdir. Lakin informasiya yaymaq avtomatik olaraq jurnalist statusu və peşəkar məsuliyyət yaratmır.
Peşəkar jurnalistin həm hüquqları, həm də vəzifələri var. Onlar cəmiyyəti maraqlandıran informasiyanı axtarıb tapmaqla yanaşı, onu yoxlamaq, müxtəlif tərəflərin mövqeyini öyrənmək, faktla rəyi fərqləndirmək, şəxsi həyata hörmət etmək və səhvləri düzəltmək öhdəliyi daşıyırlar. Jurnalistikanın əsas prinsipi cəmiyyətə doğru, dəqiq və etibarlı informasiya təqdim etməkdir. Sosial şəbəkə fəalının isə belə bir öhdəliyi yoxdur; onlar üçün obyektivlik və ictimai maraq deyil, şəxsi mövqe və mülahizə ön plandadır.

- Çıxışlarda təhqir, böhtan və şəxsi həyata müdaxilə hallarında tez-tez "fikir azadlığı" arqumenti irəli sürülür. İfadə azadlığını boğmadan rəqəmsal məkanda məsuliyyəti artırmağın hansı effektiv yollarını görürsünüz?
- Jurnalist və ya sosial şəbəkə fəalı olmasından asılı olmayaraq, ictimaiyyətə açıq informasiya yayan hər bir şəxs qanunlara əməl etməlidir. İfadərə azadlığı hər hansı fikri istənilən formada və heç bir nəticə ilə üzləşmədən yaymaq hüququ demək deyil. 2013-cü ildə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə edilən əlavələr hansı platformada yayılmasından asılı olmayaraq təhqir və böhtanı yolverilməz elan edir. Eyni zamanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun istifadəçilər üçün ciddi ölçülər müəyyən edir.
Məsuliyyəti artırmaq üçün ilk növbədə media və rəqəmsal savadlılıq gücləndirilməlidir. İnsanlar məlumatı paylaşmazdan əvvəl mənbəni yoxlamağı, faktı şayiədən ayırmağı öyrənməlidirlər. Həmçinin sosial media platformaları şikayətlərin şəffaf araşdırılması, saxta hesablar və koordinasiyalı manipulyasiya kampaniyaları ilə mübarizədə daha məsuliyyətli davranmalıdırlar.
- Sizcə, sosial şəbəkələrdə özünütənzimləmə mexanizmi özünü doğrulda bilər, yoxsa cəmiyyətdə məsuliyyət hissini formalaşdırmaq üçün daha ciddi hüquqi çərçivələr mütləqdir?
- Özünütənzimləmə ideyası cəlbedici görünür, lakin hələ beynəlxalq praktikada bu alətdə ciddi uğurlu modelə rast gəlməmişəm. Təşəbbüslər olsa da, nəticələr zəifdir. İctimai davranış normalarının formalaşması, platformaların aydın qaydalar tətbiq etməsi və ictimai qınaq məsuliyyətin artmasına kömək edə bilər, lakin özünütənzimləmə bütün hallarda kifayət etmir. Xüsusilə şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatına ciddi müdaxilə hallarında hüquqi mexanizmlər mütləq işləməlidir.
Yekun olaraq bildirirəm ki, məsuliyyətli rəqəmsal mühit yalnız hüquqi qadağalar və ya cərimələrlə formalaşa bilməz. Bunun üçün media savadlılığı, etik davranış, platformaların hesabatlılığı, effektiv özünütənzimləmə və zəruri hallarda ədalətli hüquqi məsuliyyət bir-birini tamamlamalıdır.