İsrailə səfər edən Almaniya kansleri Olaf Şoltz bu ölkənin prezidenti İsak Hersoq və baş nazir Binyamin Netanyahu ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Şoltzun İsrail-HƏMAS qarşıdurmasının başladığı 7 oktyabrdan bu yana Yaxın Şərqə etdiyi ikinci rəsmi səfər olub.
Qüds şəhərində Netanyahu ilə görüşən Şoltz, 7 oktyabrda yəhudilərə dəhşətli və amansız hücum təşkil edən HƏMAS-la mübarizədə İsrailə dəstək verdiklərini və bu mövqeyin müharibənin əvvəlindən bəri dəyişmədiyini qeyd edib.
Buna baxmayaraq Şoltz hazırda bəzi ciddi reallıqların bir daha nəzərdən keçirilməli olduğunu vurğulayıb.
“Mən dəfələrlə İsraillə həmrəyliyimi ifadə etmişəm. Biz regionda uzunmüddətli sülh və stabilliyin əldə edilməsi üçün HƏMAS və digər analoji qruplaşmaların mövcudluğunun əleyhinəyik. Lakin, 32 mindən çox insanın ölməsi, yüzminlərlə insanın ciddi qida çatışmazlığı və ölümcül virus riski ilə üzləşməsi təbii olaraq belə bir sual meydana gətirir: Bütün bunlara dəyərmi? Hazırda HƏMASla aparılan mübarizə region üçün daha çox xeyir verir yoxsa ziyan? Bunlar mütləq şəkildə üzərində düşünülməli və cavab tapılmalı suallardır”, - Şoltz deyib.
Almaniya kansleri həmçinin Qəzza zolağına lazımi qədər humanitar yardımın çatdırılmadığını və bundan böyük narahatlıq duyduqlarını vurğulayıb.
Şoltza cavab verən Netanyahu, bütün bu sadalananların digər dövlətlər kimi İsrail hökumətini də narahat etdiyini deyib.
Onun sözlərinə görə, mülki əhalinin qorunması və humanitar yardımların miqdarının artırılması istiqamətində İsrail tərəfi ciddi səy göstərib və hələ də göstərməkdədir.
Netanyahu həmçinin bildirib ki, on minlərlə mülki əhalinin həlak olmasına İsraildən daha çox, HƏMAS səbəb olub.
İsrailli nazir HƏMAS-ın 5 aydan çoxdur mülki əhalidən canlı qalxan kimi istifadə etdiyini və Fələstin əhalisini bilərəkdən ölümə göndərdiyini qeyd edib.
Netanyahu, həmçinin ABŞ rəsmiləri tərəfindən son günlərdə İsrailə edilən tənqidləri pisləyib. ABŞ Senatındakı Demokratik çoxluğun rəhbəri, ölkədə yəhudi əsilli ən yüksək rütbəli siyasətçi olan Çak Şumerin Netanyahunun uğursuz müharibə siyasəti apardığını, İsrail dövlətindən çox öz maraqlarını güddüyünü və artıq onun vəzifədən uzaqlaşmalı olduğunu deməsi və prezident Co Baydenin Şumerin bu çıxışını dəstəkləməsini qınayan Netanyahu, xüsusilə də ağır müharibə şəraitində olan müttəfiq bir dövlətə qarşı atılan bu addımın olduqca yanlış və yersiz olduğunu vurğulayıb.
İsrailli nazir, bu və digər dövlətlərin fikirlərinə hörmət etdiyini, lakin heç bir kənar qüvvənin İsrailin qərarlarına təsir edə bilməyəcəyini və HƏMAS-la sona qədər mübarizə aparmağa davam edəcəyini əlavə edib.