Azərbaycanın əksər bölgələrində hava şəraiti dəyişərək arabir yağıntılı olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti fevralın 25-i saat 10:00-a olan faktiki hava məlumatını açıqlayıb.
Faktiki hava durumuna əsasən, dağlıq ərazilərə — Kəlbəcər, Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay (Şəki), Xızı, Qrız, Şahbuz və Şahdağa qar yağıb. Qarın hündürlüyü Daşkəsəndə 5 sm, Gədəbəydə 4 sm, Kəlbəcərdə 3 sm, Göygöldə 2 sm, Şahbuzda isə 1 sm təşkil edir.
Düşən yağıntının miqdarı Astarada 29 mm, Lənkəranda 5 mm, Qəbələ, Qax (Sarıbaş), eyni zamanda Bakıda və Abşeron yarımadasında 4 mm qeydə alınıb. Tərtər, Oğuz, Qobustan, İmişli və Lerikdə 3 mm, Balakən, Zaqatala, Şamaxı, Mingəçevir, Yevlax və Neftçalada isə 2 mm yağıntı düşüb.
Respublikanın digər bölgələrində — Şərur, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Quba, Qusar, Cəlilabad, Bərdə, Göyçay, Sabirabad, Biləsuvar, Yardımlı, Ağdam, Goranboy, Laçın, Qubadlı və Şuşada yağıntının miqdarı 1 mm olub.
Hazırda Daşkəsən, Göygöl, Füzuli, Xankəndi, Xocalı, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Yevlax və Lerikdə duman müşahidə olunur. Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.