ABŞ ilə İsrail arasında münasibətlərdə fikir ayrılıqlarının dərinləşdiyi bildirilir. Buna səbəb kimi İsrail ordusunun Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar göstərilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" portalı məlumat yayıb.
Bildirilib ki, xüsusilə gənc respublikaçılar arasında İsrailə qarşı skeptik münasibət son dövrlərdə nəzərəçarpacaq dərəcədə artıb.
Məlumata görə, İsrailin Baş naziri Binyamin Netanyahu uzun illər Demokratlar Partiyasının azalan dəstəyini Respublikaçılarla yaxın münasibətlər hesabına kompensasiya etməyə çalışsa da, hazırda bu balansın pozulduğu qeyd olunur. Bildirilib ki, Netanyahu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və onun komandası ilə də bir sıra məsələlərdə fikir ayrılığı yaşayır. Xüsusilə İranla bağlı mövqelərin tərəflər arasında ziddiyyət təşkil etdiyi vurğulanıb.
Bununla yanaşı, Donald Trampın daha əvvəl Netanyahu haqqında sərt fikirlər səsləndirdiyi və onun siyasətinin İsraili beynəlxalq arenada təcrid etdiyini bildirdiyi qeyd olunub. Eyni zamanda, vitse-prezidentliyə namizəd C.D Vensin də İranla bağlı razılaşmalara qarşı çıxan israilli rəsmiləri tənqid etdiyi bildirilib.
Məqalədə ictimai rəy sorğularının da bu tendensiyanı təsdiqlədiyi vurğulanıb. Qeyd olunub ki, "Pew Araşdırma Mərkəzi"nin aprel ayında keçirdiyi sorğuya əsasən, 18-49 yaş arası respublikaçı seçicilərin 57 faizi İsrailə mənfi münasibət bəsləyir. Həmçinin "Quinnipiac Universiteti"nin bu ay yayımladığı araşdırmaya görə, respublikaçıların təxminən 20 faizi ABŞ-nin İsrailə həddindən artıq dəstək verdiyini düşünür. Bu göstəricinin üç il əvvəlki səviyyə ilə müqayisədə üç dəfə artdığı qeyd edilib.