ABŞ Hökumət Hesabatlılıq Ofisinin (GAO) yeni hesabatında ABŞ Məxfi Xidmətinin (Secret Service) təhlükəsizlik protokollarında ciddi nöqsanların olduğu bildirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hesabatda qurumun ABŞ Prezidenti və yüksək vəzifəli şəxslərin mühafizəsi ilə bağlı bəzi protokollarını 1991-ci ildən bəri demək olar ki, yeniləmədiyi qeyd olunub.
Məlumata görə, xüsusilə pilotsuz uçuş aparatlarına qarşı mübarizədə köhnəlmiş üsullardan istifadə edilməsi narahatlıq doğurub.
Hesabata əsasən, 2015-2025-ci illər ərzində mühafizə fəaliyyətinə mane olan 83 insident araşdırılıb. Onlardan yalnız 25-dən sonra təhlükəsizlik siyasətlərində müəyyən dəyişikliklər edilib.
Qeyd olunub ki, Məxfi Xidmət insidentlərdən sonra öz siyasətlərini yeniləmək öhdəliyinə malik deyil. Bu vəziyyət isə təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi prosesində məlumat çatışmazlığına səbəb olur.
Məsələnin gündəmə gəlməsinə Donald Trampın Türkiyədə keçirilən NATO sammitindən qayıdarkən təhlükəsizlik səbəbilə təyyarəsini dəyişməli olması da təsir edib.
Hazırda Trampa qarşı sui-qəsd cəhdləri və “Air Force One” təyyarəsinin təhlükəsizliyi ilə bağlı araşdırmalar davam edir.