ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) Meksikadan gətirilən jalapeno bibərləri ilə əlaqəli olduğu ehtimal edilən salmonella epidemiyasının 27 ştata yayıldığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, federal qurumlar 27 ştatda 345 nəfərin xəstələnməsi ilə bağlı araşdırma aparır.
CDC-nin açıqlamasında bildirilib ki, sözügedən jalapeno bibərləri Kaliforniyada yerləşən Coast Citrus distribütor şirkəti tərəfindən Meksikadan gətirilib və bu məhsullar "Chipotle", "Qdoba" və digər restoranlarda istifadə olunub.
Epidemiya nəticəsində 36 nəfərin xəstəxanaya yerləşdirildiyi, lakin ölüm halının qeydə alınmadığı bildirilib.
Ən çox yoluxma halları Minnesota və Kolorado ştatlarında qeydə alınıb, hər iki ştatda 110 yoluxma aşkarlanıb.
Bundan əlavə, İllinoysda 30, Kanzasda isə 13 hadisə müəyyən edilib.
Salmonella halları Alabama, Arkanzas, Kaliforniya, Corciya, İndiana, Kentukki, Luiziana, Miçiqan, Missuri, Montana, Nebraska, Şimali Karolina, Şimali Dakota, Ohayo, Oklahoma, Cənubi Karolina, Tennessi, Texas, Yuta, Virciniya, Vaşinqton, Viskonsin və Vayominq ştatlarında da qeydə alınıb.
Epidemiya ilə bağlı ehtiyat tədbiri olaraq restoran şəbəkələri də addımlar atıb.
"Chipotle" menyusundan jalapeno bibərlərini müvəqqəti çıxardığını açıqlayıb, "Qdoba" isə bütün restoranlarında həmin məhsulu qabaqlayıcı tədbir kimi yığışdırdığını bildirib.