Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə ilə İsrail arasında münasibətlərin daha da gərginləşəcəyi təqdirdə NATO-nun Ankara tərəfində çıxış etməyəcəyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Zaxarova bu barədə “RT” telekanalına müsahibəsində danışıb.
Məlumata görə, diplomat NATO-nun mövqeyinin ABŞ-nin siyasətindən və maraqlarından asılı olduğunu iddia edib. Zaxarova Vaşinqtonun İsraili ən yaxın müttəfiqlərindən biri hesab etdiyini və bu amilin mümkün Türkiyə-İsrail qarşıdurmasında həlledici rol oynaya biləcəyini vurğulayıb.
Zaxarovanın sözlərinə görə, ABŞ və İsrail arasında təhlükəsizlik və beynəlxalq siyasət sahəsində xüsusi ittifaq mövcuddur. O, buna görə də Ankaranın mümkün gərginlik zamanı NATO-nun tam dəstəyinə arxalana bilməyəcəyini bildirib.
Qeyd edək ki, Türkiyənin Ədliyyə Nazirliyi daha əvvəl Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət edərək İsrailin Baş naziri Binyamin Netanyahunun “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilməsi üçün qırmızı bülleten çıxarılmasını tələb edib.
Bu addım Ankara ilə Təl-Əviv arasında diplomatik münasibətlərin daha da gərginləşdiyini göstərən mühüm siqnal kimi qiymətləndirilir.