Rusiyanın Ufa şəhərində keçirilən Surdolimpiadada (eşitmə məhdudiyyətli insanlar arasında dünyanın ən böyük yarışı) futbol turnirinin final oyunu Rusiya və İran milli komandaları arasındakı dava ilə başa çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, matçın gedişində hakimin qərarları iranlıları əsəbiləşdirib.
Buna baxmayaraq, onlar qol vuraraq önə keçiblər.
Oyunun sonunadək hesab 2:1 İranın xeyrinə olub. Hakim matçın əsas vaxtına 5 dəqiqə əlavə edib və bu dəqiqələrin ən sonuncusunda o, İranın qapısına penalti təyin edib. İranlı futbolçular və məşqçilər penaltidən deyil, əlavə edilmiş 5 dəqiqə keçməsinə baxmayaraq, hakimin daha əvvəl final fitini çalmamasından narazı qalıblar.
Məhz bundan sonra tərəflər arasında kütləvi dava düşüb.