Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə açıq məhkəmə iclası fevralın 17-də davam etdiriləcək. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və digər ağır maddələri ilə təqsirləndirilir.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Hərbi Məhkəməsindən məlumat verilib.
Qeyd edək ki, fevralın 10-da keçirilən son prosesdə məhkəmə baxışının başa çatdığı elan edilib və məhkəmə heyəti müşavirəyə gedib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in aşağıdakı maddələri ilə ittiham olunur:
Sülh və insanlıq əleyhinə cinayətlər (Maddə 100.1, 100.2, 107, 109, 110, 112, 113), müharibə cinayətləri (Maddə 114.1, 115.2, 116.0.1), qəsdən adam öldürmə (Maddə 120.2.1) və terrorçuluq (Maddə 214.2.1, 214-1).
Həmçinin, ittihamlar arasında cinayətkar birlik yaratma (Maddə 218.1), qanunsuz silah əldə etmə (Maddə 228.3), hakimiyyəti zorla ələ keçirmə (Maddə 278.1), qanunsuz silahlı birləşmələr yaratma (Maddə 279.1) və dövlət sərhədini qanunsuz keçmə (Maddə 318.2) kimi əməllər də var.