Bakıda keçirilən cüdo üzrə dünya çempionatında gümüş medal qazanan fransalı Romana Diko final görüşünün çətin keçdiyini bildirib.
Cüdoçu məğlubiyyətə görə məyus olduğunu, lakin yaxşı mübarizə apardığını düşündüyünü söyləyib. Onun sözlərinə görə, bu idman növündə bir epizodda edilən səhv görüşün taleyini həll edə bilər. Diko yenidən dünya çempionatının mükafatçıları arasında yer aldığı üçün sevindiyini də qeyd edib.
Fransalı idmançı Azərbaycan və Bakı haqqında təəssüratlarını da bölüşüb. O, ölkəmizi və paytaxtı çox sevdiyini, çempionatın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
“Hər şey möhtəşəm idi. Azərbaycanı, Bakı şəhərini çox sevdim. Yarış zamanı arenada çoxlu azarkeş var idi. Uşaqlar şəkil çəkdirmək, avtoqraf almaq istəyirdilər. Mənim üçün çox gözəl çempionat oldu”, – Diko bildirib.