Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk "Qəzzada dərhal atəşkəs elan edilməsinə, əsirlərin azad edilməsinə və fələstinlilərin humanitar yardıma çıxışına" çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Vatikanın rəsmi nəşrlərindən olan “Vatican News” saytında paylaşım edilib.
Papa Fransisk Rusiya-Ukrayna müharibəsi, İsrailin Qəzzanı işğalı, iqlim böhranı, nüvə silahının istehsalı və insan haqlarının pozulmasına toxunub. Sülhü məhv edən hadisələrin baş verməsi ilə dünyanın 2024-cü ilə girdiyini deyən Papa Fransisk mülki əhalinin çətin vəziyyətdə olduğuna diqqət çəkib.
İsrailin hücumlarının Qəzzada minlərlə insanın yaralanmasına, ölməsinə və didərgin düşməsinə səbəb olduğunu vurğulayan Papa Fransisk, bölgədə dərhal atəşkəs elan edilməsi, əsirlərin azad edilməsi və fələstinlilərin humanitar yardıma çatması çağırışı edib.
Papa bir daha iki dövlətli həll yoluna və davamlı sülh və təhlükəsizlik məqsədilə Qüds üçün xüsusi beynəlxalq statusun təmin edilməsinə dəstəyini ifadə edib.