"Əvvəlcə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onlara sonadək bizə dəstək oldular. Hesab böyük olsa belə, futbolçularımdan razı qaldım".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın "Lion" klubuna məğlub olduqları V tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, sonadək öz oyun üslubunda mübarizə apardıqlarını bildirib: "Təəssüf ki, hesab oyuna görə olmadı. Rəqibin futbolçuları ustalıq baxımından bizdən üstün idilər".
Mütəxəssis ikinci qolun texniki səhvdən vurulduğunu söyləyib: "Bundan sonra komandada durğunluq yarandı və üçüncü qol qapımızda gördük".
Baş məşqçi Avropa Liqasında pley-off şanslarının davam etdiyini vurğulayıb: "Bildiyiniz kimi, artıq yeni formatda mübarizə aparırıq. Rəqiblərimiz ildən-ilə güclənir. Qarşıdakı oyunlarda komandama inanıram".
Q. Qurbanov hücumçu Olavio Juninyonun çıxışından razı qaldığını bildirib: "Rəqibin qapısı önündə dörd təhlükəli epizod yaratdı. Yassin Benzianın isə oyunu alınmadı. Buna görə də onu əvəzlədim".
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu dekabrın 12-də səfərdə İsveçin "Elfsborq" komandasına qarşı keçirəcək.