Qəzza şəhərinin qərbində yerləşən Ketibe bölgəsində dağıntılar altında qalan şəxslərin cəsədlərinin çıxarılması istiqamətində axtarış-xilasetmə işləri davam edir.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal dağıntılar altından daha 13 nəfərin – qadın, uşaq və yaşlıların cəsədlərinin çıxarıldığını bildirib.
Məlumata görə, sözügedən şəxslər İsrailin hücumlarının ilk günlərində dağıdılan və “Qarbiyye” ailəsinə məxsus çoxmərtəbəli yaşayış binasında olublar.
Xilasetmə qrupları bölgədə ağır texnika, yanacaq və logistika çatışmazlığı ilə üzləşirlər. Basal bildirib ki, xilasedicilər bir çox hallarda dağıntılar altında axtarışları “çılpaq əllərlə” aparmağa məcbur qalırlar. Bu isə həm işlərin sürətini azaldır, həm də xilasedicilər üçün ciddi risklər yaradır.
Onun sözlərinə görə, lazımi texnika və avadanlıq təmin olunarsa, dağıntılar altındakı cənazələrin çıxarılması prosesi bir neçə ay ərzində tamamlana bilər. Əks halda, bu işlərin illərlə davam etməsi mümkündür.
Hazırkı axtarış-xilasetmə işləri Qəzza Mülki Müdafiə İdarəsinin iyulun 19-da başladığı genişmiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində həyata keçirilir.
Rəsmi məlumatlara əsasən, Qəzza, Şimali Qəzza və Mərkəzi Qəzza vilayətlərində dağıdılmış 147 binanın altında təxminən 1072 nəfərin cənazəsinin qaldığı ehtimal edilir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) dəstəyi ilə aparılan əməliyyatlarda cəmi bir ekskavator, bir buldozer və bir yük maşınından istifadə olunur.
Qəzzadakı hökumətin Media Ofisinin məlumatına görə, münaqişə başlayandan bəri təxminən 9500 fələstinli itkin hesab olunur. Onların bir hissəsinin cəsədlərinin dağıntılar altında qaldığı, digərlərinin isə taleyinin naməlum olduğu bildirilir.
Qəzza Mülki Müdafiə əməkdaşları beynəlxalq təşkilatlara və insan haqları qurumlarına müraciət edərək, ərazinin ağır texnika və zəruri avadanlıqlarla təmin olunması üçün təcili tədbirlər görülməsini tələb edirlər.