Norveç Qaçqınlar Şurası (NRC) Qəzza zolağında humanitar böhranın təhlükəli həddə çatdığını bəyan edib. Təşkilatın yaydığı rəsmi açıqlamada bildirilir ki, "atəşkəs" razılaşmasından təxminən bir il ötürsə də, İsrailin hərbi təzyiqləri və məhdudiyyətləri davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, NRC-nin məlumatına əsasən, Qəzzada 1,65 milyon insan (təxminən 300 min ailə) qarşıdan gələn qış mövsümündə ciddi sığınacaq böhranı ilə qarşı-qarşıya qalacaq.
Region əhalisinin üçdə ikisi yararsız hala düşmüş çadırlarda və müvəqqəti sığınacaqlarda soyuq və yağışlı hava şəraitinə qarşı mübarizə aparmaq məcburiyyətindədir.
Açıqlamada diqqətə çatdırılır ki, İsrail hakimiyyəti Qəzzaya davamlı sığınacaqların tikintisi üçün zəruri olan taxta, sement və metal lövhələrin girişini bloklayır. Həmçinin humanitar yardım daşıyan 500 yük maşınının sərhəddə gözlədiyi, İsrailin isə gün ərzində yalnız 15 maşının keçidinə icazə verdiyi vurğulanır. Bu templə saxlanılan kömək yükünün bölgəyə çatdırılması yeddi aya qədər uzana bilər.
NRC-nin baş katibi Yan Egeland (Jan Egeland) bəyan edib ki, mülki əhalinin bu şəraitdə qışı keçirməsi qeyri-mümkündür və Təl-Əviv beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərinə əməl etməlidir. Təşkilatın Qəzza üzrə koordinatoru Nesma Əl-Sallaq (Nesma Al-Sallaq) isə yağan hər yağışın mülki şəxslər və xüsusilə uşaqlar üçün yeni faciəyə çevrildiyini diqqətə çatdırıb.