Fələstinin ekslav ərazisi Qəzza Zolağına havadan növbəti humanitar yardım paketləri atılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yerli əhali Ramazan ayından əvvəl İsrail ilə atəşkəs olacağına ümid etsələr də, bu barədə danışıqlarda heç bir müsbət nəticə əldə edilməyib.
İsrail HƏMAS-la atəşkəsə getmək üçün, əsas şərtlərdən biri kimi, israilli girovların sərbəst buraxılmasını tələb edir.
HƏMAS isə atəşkəsə dair razılaşmanın müvəqqəti deyil, daimi olması tələbini səsləndirib.
Birləşmiş Millətlər Təşkilatı rəsmilərinin sözlərinə görə, hazırda Qəzza əhalisinin ¼-i aclıqdan əziyyət çəkir.
İsrail-HƏMAS qarşıdurmasının fəal mərhələsi 7 oktyabrda HƏMAS-ın İsrailə hücum edərək 1200-ə yaxın şəxsi öldürməsindən sonra başlayıb.
Daha sonra İsrailin Qəzzanı bombalaması nəticəsində əksəriyyəti uşaqlar və qadınlar olmaqla 31 mindən çox insan ölüb, minlərlə insan yaralanıb.