Mərakeşin yüksəkvəzifəli rəsmisi qanunsuz miqrasiya ilə mübarizənin bütün tərəflərin ortaq məsuliyyəti olduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Adı açıqlanmayan hökumət rəsmisi bildirib ki, ölkəsi bu sahədə üzərinə düşəndən daha artıq öhdəlik götürüb.
O qeyd edib ki, ölkəsi qanunsuz miqrasiya ilə mübarizədə suveren, etibarlı və məsuliyyətli tərəfdaş olmağa davam edir.
Rəsmi vurğulayıb ki, Mərakeş heç vaxt təzyiq və ya məcburiyyət qarşısında hərəkət etməyib.
“Ölkəmiz heç vaxt şantaj və ya təzyiq altında fəaliyyət göstərməyib. Fəaliyyətimizin əsas motivasiyası hər zaman üzərimizə götürdüyümüz öhdəliklər və məsuliyyət hissi olub”, - o bildirib.
Onun sözlərinə görə, qanunsuz miqrasiya mürəkkəb xarakter daşıyan problemdir və bu sahədə bütün tərəflər öz öhdəliklərini yerinə yetirməlidirlər.
Rəsmi iddia edib ki, Mərakeş bu istiqamətdə üzərinə düşən məsuliyyətdən də artıq yük daşıyıb.
O qeyd edib ki, görülən tədbirlər konkret nəticələr verib.
“Bu öhdəlik hər kəs üçün konkret nəticələr doğurub. Bəziləri əldə olunan böyük uğurun miqyasını dərk etmədən bunu adi hal kimi qiymətləndirsə də, bu məqsədlə mühüm insan, texniki və maliyyə resursları səfərbər edilib. Mərakeş və İspaniya hökumətləri arasında əməkdaşlıq bu baxımdan nümunəvi xarakter daşıyır”, - rəsmi əlavə edib.
Onun təqdim etdiyi məlumata görə, qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində 2024-cü ildə 79 min, 2025-ci ildə isə 74 min qanunsuz miqrasiya cəhdinin qarşısı alınıb.
Rəsmi həmçinin bildirib ki, 2024-2025-ci illərdə eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 632 insan qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib.
Həmin dövrdə dənizdə aparılan xilasetmə əməliyyatları zamanı isə 32 mindən çox miqrantın boğulmasının qarşısı alınıb.