Kipr Respublikasının Prezidenti Nikos Xristodulides Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Armenpress" agentliyi məlumat yayıb.
Məlumata görə, Ermənistan Baş nazirinin ofisi tərəfindən yayımlanan təbrik məktubunda Kipr lideri Ermənistan xalqının seçimi və ölkənin gələcək inkişaf kursu ilə bağlı fikirlərini ifadə edib.
“Nikol Paşinyanı seçkilərdə qələbəsi münasibətilə ürəkdən təbrik edirəm. Ermənistan xalqı Avropa gələcəyinə sadiqliyini bir daha təsdiqlədi”, – deyə təbrikdə bildirilib.
Nikos Xristodulides qeyd edib ki, Kipr Ermənistanla ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır və iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini davam etdirəcək.
“Kipr ikitərəfli əməkdaşlığımızı və Kipr ilə Ermənistan arasındakı münasibətləri daha da inkişaf etdirməyə hazırdır”, – deyə məktubda vurğulanıb.