İraqın Baş naziri Əli Falih əl-Zeydi Ermənistanın Baş naziri Nikol Paşinyana rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik məktubu ünvanlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Armenpress" agentliyi Ermənistan Baş Nazirinin Ofisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Əli Falih əl-Zeydi təbrik mesajında İraqın Ermənistanla qarşılıqlı maraqlara əsaslanan geniş tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Baş nazir iki ölkə arasında iqtisadi və inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsinin, mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, parlamentə üç siyasi qüvvə daxil olub. Vətəndaş Müqaviləsi Partiyası 727 min 827 səs və ya 49,825 faiz səs toplayaraq parlament çoxluğunu əldə edib və hökuməti formalaşdırmaq hüququ qazanıb.
Seçkilərdə Güclü Ermənistan bloku 340 min 88 səs və ya 23,281 faiz, Ermənistan bloku isə 145 min 113 səs və ya 9,934 faiz səs toplayıb.
Bununla yanaşı, Çiçəklənən Ermənistan Partiyası parlamentə keçid üçün müəyyən olunan baryeri cüzi fərqlə keçə bilməyib. İlkin nəticələrə görə, partiya 3,996 faiz səs toplayaraq tələb olunan göstəricidən 0,004 faiz geri qalıb.
Bildirilir ki, hazırda bəzi seçki məntəqələrində səslərin yenidən sayılması prosesi davam edir. Seçkilərin yekun nəticələrinin iyunun 14-də elan olunacağı gözlənilir.