ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi Vaşinqtonun İrana qarşı hərbi əməliyyat planlaşdırmadığını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, diplomat bu barədə “Sky News”a müsahibəsində danışıb.
Hakabi qeyd edib ki, hazırda ABŞ-nin İrana qarşı hərbi tədbir görmək planı yoxdur, lakin ABŞ Prezidenti Donald Trampın səbri sonsuz deyil və vəziyyət dəyişə bilər. Onun sözlərinə görə, hərbi əməliyyatlarla bağlı son qərar dövlət başçısının səlahiyyətindədir.
“Hazırda gördüyümüz şey çox narazı olan və artıq bu vəziyyətlə barışmayacaqlarına qərar verən İran xalqından qaynaqlanan üzvi bir hərəkatdır”, – deyə səfir vurğulayıb.
Diplomatın sözlərinə görə, İran hakimiyyəti öz xalqına qarşı təzyiq və zorakılığı davam etdirərsə, Donald Trampın təmkinliliyi sona çata bilər. Hakabi əlavə edib ki, ABŞ Prezidenti hərbi gücdən istifadə etməməyə üstünlük verir, lakin zərurət yaranarsa müdaxilə istisna olunmur.