Polşa 2026-cı ilin sonunadək istismardan çıxarılmış Sovet istehsalı MiQ-29 qırıcı təyyarələrini Ukraynaya təhvil verməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirinin müavini Sezari Tomçik “Radio Zet”ə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, təhvil prosesi yaxın aylarda başlaya bilər və ən gec bu il ərzində reallaşması gözlənilir.
“Bu, bir neçə ay məsələsidir. Bu il olacaqmı? Bəli, düşünürəm ki, mütləq bu il baş verəcək. MiQ-lərin təhvil verilməsi bu il həyata keçirilməlidir”, – deyə Tomçik bildirib.
Nazir müavini qeyd edib ki, təyyarələrin verilməsi üçün hökumət səviyyəsində qərar qəbul olunmalı, eyni zamanda pilotsuz uçuş aparatları (PUA) istehsalı və əks-tədbir texnologiyalarının Ukraynadan Polşaya ötürülməsi ilə bağlı razılaşmalar əldə edilməlidir.
Bundan bir gün əvvəl Polşa Müdafiə Nazirinin digər müavini Pavel Zalevski Varşavanın Ukraynaya doqquz ədəd MiQ-29 qırıcısı təhvil verməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, hazırda Ukrayna Müdafiə Nazirliyi ilə təhvilin texniki detalları müzakirə olunur.
Xatırladaq ki, Sezari Tomçik dekabr ayında Polşanın Ukraynaya altı-səkkiz MiQ-29 qırıcı təyyarəsi verməyi planlaşdırdığını bildirmişdi. Polşa bu tip təyyarələri 2025-ci ilin sonuna qədər istismardan çıxarmağı nəzərdə tutur. Ümumilikdə Polşa Hərbi Hava Qüvvələrinin arsenalından 14 MiQ-29 qırıcısının çıxarılması planlaşdırılır.