UEFA Avropa Liqası çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” oyununda yaşanan insident idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Belə ki, qarşılaşma zamanı türkiyəli azarkeşlərin tribunada Fələstin bayrağı və dəstək şüarları qaldırmasından sonra gürcü polisinin sərt müdaxiləsi tərəflər arasında davaya gətirib çıxarıb.
Məsələ ilə bağlı “Operativ Məlumat Mərkəzi – OMM”-ə açıqlama verən idman eksperti Kənan Məstəliyev bildirib ki, görüşün Gürcüstanda keçirilməsi qərarını məhz “Beşiktaş” klubu verib:
“UEFA klubdan neytral meydanda matçın keçirilməsini istədi və neytral meydanın hansı olacağının seçimini ‘Beşiktaş’a verdi. ‘Beşiktaş’ da Batumu seçdi. Yəqin ki, ölkəyə ən yaxın məkan kimi seçilibdir. Sərhəddən təxminən 20 kilometr uzaqlıqda olan bir şəhərdir. Yaxın olduğunu hesab eləyərək bu mövqedən çıxış eləyərək oranı seçiblər”.

Təhlükəsizlik məsələsinə toxunan Kənan Məstəliyev tribunada təkcə Fələstin bayrağının deyil, həm də Fələstinə dəstək şüarları və pankartların açılmasının müdaxiləyə səbəb olduğunu qeyd edib. Onun sözlərinə görə, stadion təhlükəsizlik əməkdaşlarının gücü çatmadıqda polisin müdaxiləsi normaldır, lakin müdaxilənin forması qəbuledilməz olub:
“Polis müdaxilə edə bilər. Əgər stadion təhlükəsizlik qüvvələrinin əməkdaşlarının gücü çatmırsa, polisin müdaxiləsi normaldır, amma müdaxilə doğrudur, müdaxilə forması səhvdir. Çünki Gürcüstan polisi həddindən artıq kobudluğa yol verib, normaları keçibdir. Əslində bu gözlənilən idi, çünki xəbərdarlıq da eləmişdi ki, belə şeylərə, bu siyasi şüarlara yol verilməyəcək. ‘Beşiktaş’ azarkeşləri xəbərdarlıqlara qulaq asmayıblar, bir növ etinasız yanaşıblar, amma bütün bunlar polisin belə ağır müdaxiləsinə rəvac vermir. Polis müəyyən qaydalar çərçivəsində, səlahiyyətinin şiddətini aşmamaq şərtilə müdaxilə eləyə bilərdi, amma belə elədi”.
Ekspert hesab edir ki, bu cür qalmaqalların qarşısını almağın əsas yolu Türkiyə və İsrail klublarının avrokuboklarda bir-biri ilə qarşılaşmamasıdır:
“Düşünürəm ki, bu işin həlli yolu ümumiyyətlə Türkiyə və İsrail komandalarının avrokuboklarda bir-birlərilə üz-üzə, qarşı-qarşıya gəlməsinin qarşısının alınmasıdır. Belə bir qayda UEFA-da tətbiq olunur. Məsələn, bizim Azərbaycanla Ermənistan komandaları üz-üzə gəlmirlər. UEFA bunu qəsdən elə edir ki, biz bir-birimizlə düşmürük. Eyni şey İspaniya və Cəbəllütariq, Serbiya – Kosovo, Rusiya – Ukrayna kimi ölkələrin təmsilçiləri heç bir matçlarda bir-birlərilə qarşılaşmırlar. Bunu UEFA təmin eləyə bilir. Artıq bunun vaxtı çatıb ki, bu qayda məhz Türkiyə – İsrail komandalarına da tətbiq olunsun. Çünki alınmır. Bu həm qalmaqallara gətirib çıxarır, oyunun ruhunu pozur, futbolu siyasətə qatmış olur; həm də bir tərəfdən Türkiyə komandalarının haqqına girmək sayılmalıdır. Çünki komanda öz ev oyununu evində oynamağa haqqı çatır”.
Kənan Məstəliyev əlavə edib ki, baş verə biləcək gərginlik əvvəlcədən məlum olduğu halda, UEFA bu riskləri nəzərə almalı və qarşılaşmaların əvvəlcədən qarşısını almaq üçün müvafiq addımlar atmalı idi.