İranın rəsmi İRNA xəbər agentliyinin verdiyi məlumata əsasən, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Şərqi Azərbaycan vilayətinin Planlaşdırma və İnkişaf Şurasının iclasına videoformatda qoşularaq ölkədəki sosial-iqtisadi vəziyyət və daxili siyasi şərait barədə geniş bəyanat verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, M.Pezeşkian 1979-cu il inqilabının ilk illərində iqtisadi və sosial problemlərin məscidlər və yerli icmalar müstəvisində həll edildiyini xatırladıb. O, mövcud şəraitdə də məhəllə və icma səviyyəsində həmrəyliyin vacibliyini vurgulayaraq, vətəndaşların sosial ehtiyaclarına həssas yanaşılmasının zəruriliyini qeyd edib.
Daxili və xarici çağırışlara toxunan Pezeşkian ölkənin üzləşdiyi iqtisadi və hərbi-siyasi böhranın miqyasını açıqlayıb:
“İslam inqilabından ötən 48 il ərzində ölkə heç vaxt indiki qədər ağır xarici təzyiq, sanksiya və kompleks çətinliklərlə qarşılaşmayıb”, – deyə Pezeşkian bildirib.
O, xarici güclərin və “düşmən dairələrin” ölkədə daxili xaos və sabitsizlik yaratmaq məqsədilə İranın ali rəhbərliyini, habelə hərbi komandanlıq və dövlət rəsmilərini hədəf aldığını vurğulayıb.
Bununla belə, İran Prezidenti ölkədə xaos planlarının baş tutmadığını, əksinə, mövcud xarici təhdidlər fonunda cəmiyyətdə milli birlik və həmrəyliyin daha da möhkəmləndiyini bəyan edib.