Qərbdə Ukraynanın Rusiyanın təzyiqinə qarşı dayanmaq potensialına malik olması ilə bağlı səsləndirilən fikirlər yanlış təsəvvür olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Məlumata görə, Peskov Qərbdə bəzi şəxslər arasında bu yanlış mövqeyin hələ də qaldığını bildirib: “Əvvəllər Ukraynanın guya Rusiyanın təzyiqinə qarşı durmaq potensialına malik olduğunu iddia etmək də böyük yanlışlıq olardı. Bunlar tamamilə səhv təsəvvürlər idi. Bəzi şəxslərdə bu yanlış fikir hələ də qalır”.
Bildirilib ki, bundan əvvəl Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell Ukraynanı ərazi güzəştlərindən imtina xəttini qorumağa və Rusiya ərazilərinə zərbələri gücləndirməyə çağırıb. Sentyabrın 4-də isə Peskov Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlara dair mövqeyinin iki il əvvəl açıqlandığını və dəyişməz olaraq qaldığını diqqətə çatdırıb. Kremlin sözçüsü Rusiyanın münaqişənin diplomatik yolla həllinə keçməyə hazır olduğunu vurğulayıb.