“Real”ın prezidenti Florentino Peres “Nqeyra işi”ni İspaniya futbolunun bütün sisteminə təsir edən “böyük fırıldaq” adlandırıb. Onun sözlərinə görə, bu məsələ yalnız “Real”a aid deyil, çünki İspaniya liqası Avropa turnirlərinə vəsiqələr verir. Peres iddia edib ki, hakimlər korpusunda ikinci şəxs təxminən 20 il ərzində pul alıb. O, Xose Mariya Enrikes Nqeyranın “Barselona”nın əleyhinə qərarların çıxarılmasının qarşısını almağa çalışdığını etiraf etdiyini deyib.
Peres bildirib ki, məsələ ilə bağlı qərarı UEFA və məhkəmələr verməlidir, lakin faktlar araşdırılana və məsuliyyət müəyyənləşənədək dayanmayacaq. Onun sözlərinə görə, işə rəsmi qoşulan yeganə klub “Real” olub və klub UEFA-ya geniş sənədlər təqdim edib. Peres İspaniya Futbol Federasiyasının iddia müddəti bitdiyi üçün səlahiyyətlərini itirdiyini və UEFA-ya müraciət etmədiyini söyləyib. La Liqanın işdə iştirak etdiyini, amma araşdırma aparmadığını da iddia edib.
“Real” prezidentinin sözlərinə görə, VAR tətbiq ediləndən bəri komandadan 42 qol ləğv edilib, “Barselona”dan isə 19 qol. Peres “Real”ın azlıqda daha az dəqiqə oynadığını, hakimlik sisteminin nüfuzdan düşdüyünü bildirib. O, La Liqa prezidenti Xavyer Tebasın oktyabrda RMTV-ni nasizmlə müqayisə etdiyini deyib. “Real” Tebasdan idman sahəsində dürüstlüyə görə Ali İdman Şurasına şikayət edib; şura işi inzibati məhkəməyə göndərib.
2023-cü ildə “Barselona” və klub rəhbərliyinə İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Nqeyraya ödənişlərə görə rüşvət ittihamı irəli sürülüb. Bu yaxınlarda “Barselona B”nin keçmiş baş məşqçisi Xerar Lopes məhkəmədə Nqeyranın oğlunun hesabatlarından istifadə etdiyini bildirib.