ABŞ Müdafiə Nazirliyi Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan danışıqların nəticəsiz qalmasının səbəblərini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə “Atlantik Qətiyyəti” əməliyyatına rəhbərlik edən Xüsusi Müfəttiş Baş Müfəttişin ABŞ Konqresinə təqdim etdiyi hesabatda bildirilib.
Hesabatda qeyd olunub ki, ABŞ-nin təşəbbüsü ilə keçirilən yüksək səviyyəli görüşlər atəşkəs və ya sülh razılaşmasının əldə olunmasına imkan verməyib və proses dalana dirənib.
Sənəddə vurğulanıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin ərazilərinin Rusiyaya verilməsini qəti şəkildə rədd edib.
Bildirilib ki, Zelenski Ukrayna Konstitusiyasına əsasən hər hansı ərazi güzəştlərinin yalnız referendum yolu ilə mümkün olduğunu dəfələrlə bəyan edib.
Qeyd edək ki, ötən həftə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da Ukraynada mümkün atəşkəs və sülh danışıqlarının yalnız Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasından sonra mümkün ola biləcəyini açıqlamışdı.