İranın devrilmiş şahının oğlu Rza Pəhləvi Avropa liderlərinə müraciət edərək, onları ABŞ-nin İran hakimiyyətinə qarşı genişmiqyaslı hərbi əməliyyatlarını dəstəkləməyə səsləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "Politico" nəşri yayıb.
Pəhləvi bəyanatında bildirib ki, mümkün hərbi müdaxilə bir çox insanın həyatını xilas edəcək humanitar missiya xarakteri daşıyır.
O, Avropanın "İslam İnqilabı Keşikçiləri Korpusu"nu (SEPAH) qadağan etmək qərarını müsbət qiymətləndirsə də, bunun kifayət etmədiyini vurğulayıb.
“Avropa artıq gözləmə mövqeyindən çıxmalı və qətiyyətli addımlar atmalıdır. İranın bərpası üçün təklif olunan keçid planı dəstəklənməlidir. Beynəlxalq birlik İran xalqının yanında yer almalıdır”.
Buna baxmayaraq, Avropada məsələyə münasibət birmənalı deyil. İspaniyanın Baş naziri Pedro Sançes ABŞ və İsrailin İrana qarşı hərbi hərəkətlərini pisləyərək, bu addımların əsassız olduğunu qeyd edib.
Xatırladaq ki, fevralın 28-də Pəhləvi İsrail və ABŞ-ın İrandakı hərbi əməliyyatlarını "humanitar müdaxilə" adlandıraraq onlara dəstək verdiyini açıqlamışdı.