Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Kazandakı görüşü yalnız müsbət qiymətləndirilməlidir.
Bu sözləri VII çağırış Milli Məclisin sədr müavini Musa Qasımlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu addım Azərbaycanın sülh niyyətindən xəbər verir: “Azərbaycan heç bir zaman müharibənin və qarşıdurmanın tərəfdarı olmayıb. Bütün məsələlərin dinc vasitələr ilə həllinə çalışıb. Ermənilər də sonradan gəlib bizim torpaqlarımıza yerləşmələrinə və qonşuya çevrilmələrinə baxmayaraq Azərbaycan Ermənistan ilə normal münasibətlərin qurulmasını istəyir. Belə münasibətlər isə hər iki xalqın faydasınadır”.

M.Qasımlı deyir ki, sülhə doğru gedən yolun təməlində Ermənistan konstitusiyasında və qanunlarında dəyişiklik edilməsi dayanır. Bir ölkənin konstitusiyasında Azərbaycana qarşı əsassız ərazi iddiası yer alıbsa və dəyişdirilmirsə, imzalanacaq sülh əbədi və möhkəm ola bilər? Bu gün indiki şəraitdə hər hansısa sənədi Paşinyan imzalayarsa, sabah onun vəzifəsinə gələn həmin imzadan imtina edə bilər:
“Bununla bağlı Ermənistanın yaxın tarixində çoxlu nümunələr var. Məsələnin kökükündən həlli üçün mütləq Ermənistan ciddi addımlar atmalıdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, kənardan üçüncü qüvvəni regiona gətirmək cəhdləri onlara fayda vermir. Bu isə ermənilərin bədbəxtliyinin başlıca səbəblərindən biridir. Ermənistan rəhbərliyi qonşularla dil tapıb keçinməli, normal münasibətlər qurub əməkdaşlıq etməlidir”.
Digər müsahibimiz millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə deyir ki, Kazanda İlham Əliyev və Paşinyanın görüşündə hərtərəfli müzakirələr aparılıb. Eyni zamanda sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya, demarkasiyası, digər qarşılıqlı maraq doğuran məsələlər barəsində danışılıb:

“Müzakirənin nəticəsi kimi xarici işlər nazirlərinə sülh müqaviləsinin imzalanması üçün gələcək işləri davam etdirmək, eyni zamanda son sənədin ortaya çıxarılması üçün həmin müddəaların hazırlanması istiqamətində tapşırıqlar verildi. Məlumdur ki, Paşinyan öz açıqlamasında sülh müqaviləsinin imzalanması üçün 80-90 faizin artıq razılaşdırıldığını bildirdi. Buna baxmayaraq Azərbaycan tərəfinin həmin müddəalar ilə bağlı ciddi tələbləri var”.

Millət vəkili deyir ki, bu tələblər konstitusiyada dəyişiklik edilməsi və ATƏT-in Minsk qrupunun buraxılmasıdır. Almata Sazişinə uyğun olaraq 1991-ci ildəki kimi hansı ərazi bütövlüyü varsa, onu tanımaq və 1989-cu ildə Qarabağın Ermənistan birləşməsi ilə bağlı deklarasiyanı qəbul etməmək əsas şərtlərdən biridir.
“İlham Əliyev və Nikol Paşinyan öz çıxışlarında sülh müqaviləsi üçün hansı addımların atılcağı ilə bağlı məlumat verdilər. Paşinyan konstitusiya dəyişikliyi ilə bağlı müəyyən razılıqlara gəldiyini bildirdi. Bu isə çox ciddi adımların atılacağını göstərir”.