Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsinin noyabrda dərc olunacağını və bundan sonra ictimai müzakirələrin keçiriləcəyini bildirib. Konstitusiya islahatları Azərbaycanla yekun sülh sazişinin imzalanması istiqamətində əsas məsələlərdən biri olaraq qalır.
AnewZ-in yerli mediaya istinadən verdiyi məlumata görə, Paşinyan noyabrın 2-də 2027-ci ilin dövlət büdcəsinin layihəsini nəzərdən keçirən parlament komitələrinin birgə iclasında deputatların suallarını cavablandırarkən layihənin ictimaiyyətə təqdim ediləcəyini, vətəndaşların təkliflərinin qəbul olunacağını deyib.
“Yeni Konstitusiya layihəsini dərc edəcəyik, ictimai müzakirələr başlayacaq, daxil olan təkliflər təqdim edilərək nəzərdən keçiriləcək. Bu proses layihənin cəmiyyətimizdə kifayət qədər geniş müzakirə olunduğuna əmin olana qədər davam edəcək”, – Paşinyan vurğulayıb.
Baş nazir Ermənistan və Azərbaycanın parafladığı sülh sazişinin imzalanması və ratifikasiyasını da hökumətin əsas prioritetlərindən biri adlandırıb. Yeni Konstitusiyanın qəbulunun sazişin imzalanmasına və hərtərəfli sülhün təmin olunmasına şərait yaradıb-yaratmayacağı barədə müxalifətin suallarına cavab verən Paşinyan hökumətin qarşıdakı dövrdə bu məsələyə aydın cavablar verməyə çalışacağını bildirib.
Paşinyanın sözlərinə görə, hakim çoxluq bu məsələ ilə bağlı inandırıcı təminatlar verə bilsə, Ermənistan vətəndaşlarının əksəriyyəti referendumda yeni Konstitusiyanı dəstəkləyəcək. O, hökumət qənaətbəxş cavablar təqdim etdikdən sonra parlament müxalifətinin islahatlara qarşı çıxmasının Azərbaycanla sülhə qarşı mövqe kimi qiymətləndirilə biləcəyini də qeyd edib.
Paşinyan hakim çoxluğun müxalifətə qarşı ictimai təzyiqin formalaşmasında önə çıxmalı olduğunu deyib.
Ermənistan və Azərbaycan sülh sazişini 2025-ci il avqustun 8-də paraflayıb. Azərbaycan sazişin rəsmi imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini ilkin şərt kimi irəli sürür. Bakı hesab edir ki, Ermənistanın Müstəqillik Bəyannaməsinə Konstitusiyanın preambulasında istinad edilməsi Azərbaycana qarşı ərazi iddiaları ehtiva edir.